“Ümid” yatağında yeni hasilat quyusunun qazılması başa çatıb

Energetika
  • 11 sentyabr, 2024
  • 09:19
“Ümid” yatağında yeni hasilat quyusunun qazılması başa çatıb

“Ümid-Babək” Əməliyyat Şirkəti (UBOC) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında yeni “U1-22” hasilat quyusunun qazılmasını başa çatdırıb.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Şirkətin məlumatında deyilir ki, “U1-22” qaz-kondensat quyusunun qazılması “Ümid-1” hasilat platformasından aparılıb və rekord müddətdə - 202 gündə başa çatdırılıb. Quyunun dərinliyi 6 260 metri keçib.

Hazırda quyunun tamamlanması, eləcə də perforasiya və istismara verilməsi üçün hazırlıq işləri aparılır. İndiyədək “Ümid” yatağında 6 quyu qazılıb.

Xatırladaq ki, 2024-cü ildə yataqdan hasilatın 2,3 milyard kubmetr qaz və 325,1 min ton kondensat olacağı proqnozlaşdırılır. 2024-cü il iyulun 1-nə işlənmənin başlandığı gündən bütün dövr ərzində bu yataqdan 9,4 milyard kubmetr qaz və 1,4 milyon ton kondensat hasil edilib.

Qeyd edək ki, “Ümid” yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu, Azərbaycanda müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. Yataq 2012-ci ildə istismara verilib. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensatdır.

44 - Tezliklə