Türkmənistan qazı Avropaya “ucuz və tez” çata bilər
- 07 may, 2022
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər regionundan Avropaya qaz nəqli Azərbaycanın Türkmənistan qazını alması hesabına artırıla bilər və özü də bu, nisbətən az xərc tələb edən sxem olacaq, üstəlik, qısa zamanda həyata keçirilə bilər.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sahə analitikləri belə hesab edirlər.
Belə variant, onların fikrincə, heç bir yeni infrastrukturun yaradılmasını tələb etmir.
Azərbaycan ötən ilin dekabrında Türkmənistanla qaz mübadiləsi əməliyyatları ilə bağlı saziş imzalayıb. Razılaşmaya əsasən, ölkə təbii qazı İran ərazisindən alır.
Türkmənistan İranın şimal-şərqinə ildə 2 milyard kubmetrə qədər qaz göndərir. İran isə öz növbəsində ölkənin şimal-qərbindən Azərbaycana ekvivalent həcmdə qaz göndərir ki, rəsmi Bakı da bunu öz ehtiyaclarına sərf edir.
Atlantik Şurasının energetika üzrə analitiki Con Robertsin fikrincə, bu müqavilə qaz mübadiləsini ildə 6 milyard kubmetrə qədər çatdırı bilər. Onun sözlərinə görə, əlavə qaz tranzitlə Türkiyəyə, daha sonra isə Avropaya nəql olunacaq.
“Türkiyənin mövcud qaz ötürmə şəbəkəsi ildə təxminən 4-5 milyard kubmetr sərbəst ötürmə qabiliyyətinə malikdir və bu, Avropaya əlavə qaz həcminin nəqli üçün istifadə oluna bilər”, - C.Roberts fikrini izah edib.
Təbii ki, bunlar kiçik həcmlərdir, lakin yenə də bir sıra Balkan ölkələrinin tələbatını qarşılaya bilər. C.Robertsin fikrincə, bu, texniki cəhətdən olduqca sadədir və potensial olaraq çox tez həyata keçirilə bilər.
İzafi güclərdən başqa, Türkiyənin qaz şəbəkəsinin Avropa ölkələri - Bolqarıstan və Yunanıstan ilə iki interkonnektoru da var. Üstəlik, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin birləşməsi ilə Yunanıstana çıxışı olan və gələcəkdə genişləndiriləcəyi halda əlavə həcmdə qaz qəbul edə biləcək Cənub Qaz Dəhlizini də unutmamalıyıq.
Türkiyənin BOTAŞ şirkətinin satınalmalar üzrə keçmiş rəhbəri Arif Aktürk bildirib ki, Bolqarıstana gedən xətdən yalnız Türkiyədə qaza tələbatın aşağı olduğu yay aylarında istifadə edilə bilər. Lakin onun sözlərinə görə, Yunanıstana gedən xəttin böyük ehtiyat gücü var və ondan bütün il boyu istifadə oluna bilər, daha sonra isə qaz Yunanıstandan Balkanlara ötürülə bilər.
Energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu ilin sonuna kimi Avropaya Azərbaycan qazının tədarükü 10 milyard kubmetrdən çox olacağı gözlənilir. Bu ilin I rübündə Azərbaycandan Avropaya 2,6 milyard kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.