Türkiyənin “Petkim” şirkətinin xalis mənfəəti təxminən 2,7 milyard lirə təşkil edib
- 29 avqust, 2024
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksinin bu ilin birinci yarısında xalis mənfəəti 2023-cü ilin yanvar-iyun aylarındaki 5 milyard 782,329 milyon Türkiyə lirəsi (TL) xalis zərərə qarşı 2 milyard 685,033 milyon TL təşkil edib.
“Report” bu barədə “Petkim Petrokimya Holding”in 2024-cü ilin birinci yarısı üzrə maliyyə hesabatlarına istinadən xəbər verir.
Hesabatlara görə, “Petkim”in bu ilin yanvar-iyun ayları üçün gəlirləri 36 milyard 668,214 milyon TL (0,3 % az), satış dəyəri 36 milyard 211,876 milyon TL (7,3 % az), ümumi mənfəət - 2 milyard 296,982 milyon TL məbləğində bir il əvvəlki zərərə qarşı 456,338 milyon TL təşkil edib.
Hesabat dövründə “Petkim”in əsas əməliyyat zərəri 1 milyard 708,677 milyon TL (2,4 dəfə az), vergiyəqədərki mənfəət 2023-cü ilin yanvar-iyun aylarındaki 4 milyard 802,135 milyon TL zərərə qarşı 934,418 milyon TL təşkil edib.
Bu ilin yanvar-iyun aylarında təxirə salınmış mənfəət vergisi 1 milyard 750,615 milyon TL olub ki, nəticədə holdinqin ilin ilk yarısında xalis mənfəəti 2 milyard 685,033 milyon TL təşkil edib.
“Petkim”in aktivləri 30 iyun 2024-cü il tarixinə 115 milyard 471,052 milyon TL (31 dekabr 2023-cü il tarixinə olan göstəricidən 3,4 % az) təşkil edib. Bununla yanaşı, qısamüddətli aktivlər 24 milyard 873,161 milyon TL (2 % az), uzunmüddətli aktivlər 90 milyard 597,891 milyon TL (3,7 % az) olub.
Holdinqin bu ilin iyun ayının sonuna olan öhdəlikləri 53 milyard 803,287 milyon TL (2,9 % az), kapitalı 61 milyard 667,765 milyon TL (3,8 % az) səviyyəsində qiymətləndirilir. Eyni zamanda, “Petkim”in nizamnamə kapitalı 2 milyard 534,4 milyon TL-dir (dəyişiklik yoxdur).
Qeyd edək ki, “SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.