Türkiyəli nazir: "Azərbaycanla enerji sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülür"

Energetika
  • 11 sentyabr, 2026
  • 13:32
Türkiyəli nazir: Azərbaycanla enerji sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülür

Azərbaycanla Türkiyə arasında enerji sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülür.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, qlobal enerji sektoru çox mühüm bir transformasiyadan keçməkdədir: "Artıq enerji daha çox elektrik mərkəzli hala gəlməkdədir. Sənayenin, nəqliyyatın, binaların və gündəlik həyatın artan ölçüdə elektrikdən istifadə etməsi elektrik enerjisinə olan tələbatı artırır və elektrik sistemlərinin əhəmiyyətini hər keçən gün yüksəldir. Bu transformasiya, yəni dünyada enerjidə yaşanan bu dönüşüm, bizə aydın bir gerçəyi göstərir: artıq məsələ sadəcə enerji istehsal etmək deyil. Əsas məsələ istehsal olunan enerjini ən təhlükəsiz, davamlı, sürətli və səmərəli şəkildə tələbat mərkəzlərinə, yəni istehlakçılara və vətəndaşlara çatdıra bilməkdir".

O qeyd edib ki, güclü və bir-birinə bağlı elektrik sistemləri təchizat təhlükəsizliyini dəstəkləyir, resurslardan daha səmərəli istifadəyə imkan yaradır, bərpa olunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır və ölkələr arasında yeni ticarət imkanları yaradır: "Bu baxımdan biz interkonnektorları yalnız iki ölkənin elektrik sistemi arasında qurulan əlaqə kimi deyil, ölkələrimizin enerji sistemlərini bir-birinə daha da yaxınlaşdıran strateji əməkdaşlıq sahəsi kimi görürük. Azərbaycanla birgə həyata keçirdiyimiz işlər məhz bu vizyonun mühüm bir hissəsini təşkil edir."