Türkiyədə neft koksu istehsalının 60 %-dən çoxu STAR-ın hesabına təmin edilib

Energetika
  • 02 oktyabr, 2023
  • 08:07
Türkiyədə neft koksu istehsalının 60 %-dən çoxu STAR-ın hesabına təmin edilib

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 61 min 279 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin iyul ayı ilə müqayisədə 7 min 669 ton və ya 11,1 % azdır.

Bununla da STAR neft emalı zavodunun Türkiyədəki ümumi neft koksunun istehsalında payı 60,57 %-ə bərabərdir.

Ümumilikdə, 2023-cü ilin iyul ayında Türkiyədə neft emalı zavodları tərədindən ümumilikdə 101 min 160 tondan çox neft koksu istehsal edilib ki, bu da 2022-ci ilin iyul ayı ilə müqayisədə 56 min 026 ton və ya 35,6 % azdır.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.