Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 2% azalıb
- 19 aprel, 2022
- 12:16
Bu ilin mart ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 18,216 milyon barel neft nəql edilib.
Bu barədə “Report” Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 278 min barel və yaxud 1,5 % azdır.
Bu ilin yanvar-mart aylarına isə BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 50,778 milyon barel neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,22 milyon barel və yaxud 2,3 % azdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.