Tunis Azərbaycandan neft alışını 3 dəfəyə yaxın artırıb
- 20 avqust, 2026
- 15:50
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Tunisə 368 min 916,3 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 225 milyon 470 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 2,9 dəfə, dəyəri isə 3,3 dəfə çoxdur.
Tunisə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,9 % olub.
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları olan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.