"Transneft" Baltikyanı ölkələrin limanlarından imtina edir
- 13 sentyabr, 2016
- 08:36
Bakı. 13 sentyabr. REPORT.AZ/ Baltikyanı ölkələrin limanları vasitəsilə ötən il 9 mln. ton neft məhsulları ixrac edən "Transneft" şirkəti (Rusiya) 2018-ci ilə qədər bu həcmi Rusiya limanlarına yönəldəcək.
"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Nikolay Tokarev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, bu, Rusiya limanlarına 36 mln. dollara qədər əlavə gəlir gətirəcək: "Hökumətin tələbi ilə neft kəmərləri sahəsindəki tikinti sayəsində Baltikyanı ölkələrin limanları - Ventspils və Riqadan yükləmələr bizim Baltikdəki limanlarımız - Ust-Luqa və Primorsk, eyni zamanda Novorossiyskə yönəldiləcək".
N.Tokarev deyib ki, 2015-ci ildə Baltikyanı ölkələrin limanları vasitəsilə 9 mln. ton neft məhsulları ixrac olunub, bu ilin sonuna isə cəmi 5 mln. ton neft məhsullarının nəqli nəzərdə tutulur. O əlavə edib ki, 2018-ci ilə isə Rusiya limanlarına yönəldilməsi hesabına həcmlər 0 olacaq.
Dəniz Ticarət Limanları Assosiasiyasının məlumatına görə, 2015-ci ildə Rusiya limanlarından 146 mln. ton neft məhsulları boşaldılıb. Baltikyanı ölkələrin həcmi Rusiya limanlarının ümumi həcmini 6% artıracaq.
"Transneft" Baltikyanı ölkələrin limanlarından neft məhsularının ixracını Rusiya tərəfinə yönləndirməyi hələ 2014-cü ilin sonunda təklif edib.