Təbriz Əmmayev: "Yaşıl enerji" layihələri xaricilərin makroiqtisadi sabitliyimizə inamını göstərir"
- 04 iyun, 2022
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Enerji Həftəsi (BEH) çərçivəsində keçirilən sərginin açılışında Prezident İlham Əliyev enerji sektoruna dair ümumi strateji baxışlar irəli sürüb, cari vəziyyətə xüsusi qeydlər edib. Bu qeydlər də ondan ibarətdir ki, neft-qaz resursları ilə zəngin ölkə olaraq və Avropanın enerji təhlükəsizliyində öz qaz infrastrukturu vasitəsi ilə iştirak edən ölkə olaraq biz də dekarbonizasiyaya, bərpa olunan enerji mənbələrinə önəm verir, iqlim dəyişikliklərinə diqqət yetiririk. Bu çərçivədə artıq milli prioritetlər formalaşıb".
Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev bərpa olunan enerji sahəsində Azərbaycanın həyata keçirdiyi siyasəti və bu gün Şuşada imzalanan sənədləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayılda yaradılan günəş elektrik parkı ildə 120 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək: "Cənab prezident eyni zamanda hazırda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində atılan addımları şərh edərək bildirib ki, bu istiqamətdə əldə ediləcək nəticələrə gələcək baxış daha qətiyyətlidir və biz ölkəmizin bərpa olunan enerji potensialından istifadə etməkdə maraqlıyıq. Xüsusən də dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə günəş və külək enerjisinin nəhəng potensialından bəhs edərək bunun təqribən 10 GVT olduğunu bildirib və deyib, artıq bu istiqamətdə də əməli addımlar atılmaqdadır. BP şirkəti ilə imzalanmış icra müqaviləsi çərçivəsində Cəbrayıl rayonu ərazisində 240 MVT gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Biz ortalama hesablasaq bu da illik 500 mln kVt/saat elektrik enerjisi istehsalı deməkdir.
Bu da müvafiq olaraq digər layihələrlə, beynəlxalq standartlarla müqayisədə 110-120 mln kubmetr qaza qənaət deməkdir. Bu isə təxminən 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısının alınması anlamına gəlir".
T.Əmmayev həmçinin deyib ki, İ.Əliyevin çıxışında energetika sektorunda əsas strateji istiqamətlərdən biri kimi təmiz və dayanıqlı enerji mənbələrinə üstünlük verilməsi göstərilib: "Bu gün ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində bərpa olunan, yəni yaşıl enerjidən istifadə sahəsində müvafiq sənədlərin imzalanması bir daha istər BEH çərçivəsində əldə edilən nəticələr fonunda, istərsə də ölkəmizdə gələcəkdə aşağı karbon həllərindən istifadə istiqamətində də önəmli addımlardan biri olacaq. Əlavə olaraq qeyd etmək istərdim ki, ötən il və cari ildə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində istər qanunvericilik çərçivəsinin formalaşmasında, istərsə də müəyyən layihələrin reallaşması istiqamətində nəticələr əldə etmişik.
Ümumilikdə biz dekarbonizasiyaya baxsaq burada enerji səmərəliliyi çox önəmlidir. Hazırda Energetika Nazirliyi bir sıra beynəlxalq təşkilatlarla işlər aparır və bu qanunvericili aktlarının qəbulundan sonra da ölkəmizdə enerji səmərəliliyi daha fərqli və daha qətiyyətli yanaşma irəli sürüləcək".
Bundan başqa, onun sözlərinə görə, Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə külək enerjisi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətləri ilə isə günəş enerjisi layihələri icra edir: "Bütün bu layihələr hazırda təcrübə, platforma rolunu oynayır. Eyni zamanda bu layihələr ölkəmizdə aparılmış iqtisadi islahatlara, makroiqtisadi sabitliyə xarici investorların inamını göstərir. Əslində bu kimi layihələrin reallaşdırılması gələcəkdə nəyinki bərpa olunan enerji mənbələrindən istifadə sahəsində, digər sahələrdə də xarici investorların ölkəmizə sərmayə yatırmasına xidmət edəcək.
Bir məsələni xüsusilə vurğulamaq istərdim ki, bu layihələr neft sektorundan kənarda ölkəmizdə birbaşa xarici investisiya cəlb edilmiş ən böyük layihələrdəndir. Hər iki layihə toplamda ölkəmizə 500 milyon ABŞ dollarından çox birbaşa xarici investisiyanın cəlbinə səbəb olur. Bu da yeni iş yerlərinin, xüsusən də bərpa olunan enerji sahəsinə xidmət edən yeni xidmət sektorlarının yaradılmasına xidmət edir".