TAP kəməri ilə ilin sonunadək nəql ediləcək qazın həcmi açıqlanıb

Energetika
  • 25 oktyabr, 2021
  • 09:47
TAP kəməri ilə ilin sonunadək nəql ediləcək qazın həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya 4,6 milyard kubmetr təbii qaz nəql edilib.

“Report”un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bunu TAP AG konsorsiumunun İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) bildirib.

Onun sözlərinə görə, daha 1 milyard kubmetr qaz Yunanıstan-Türkiyə sərhədini keçib və İtaliyaya gəlmək üzrədir.

Luka Şkieppati bildirib ki, ilin sonuna qədər bu kəmər ilə İtaliyaya göndəriləcək təbii qazın həcmi 7 milyard kubmetrə çatacaq: “Bu isə İtaliyada 70 milyard kubmetrdən bir qədər çox olan təbii qaz istehlakının 10 %-dan az bir hissəsi deməkdir”.

O qeyd edib ki, bu, hazırda Avropada ciddi qaz çatışmazlığı dövründə kömək edə biləcək bir töhfədir.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

44 - Tezliklə