TAP kəməri buraxılış qabiliyyətini bir il tez artıra bilər
- 25 yanvar, 2022
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda hasil edilən təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərin (TAP) bazarın tələbini təmin etmək üçün buraxılış qabiliyyətini bir il daha tez genişləndirməyə hazırdır”.
“Report” xəbər verir ki, bu barədə TAP AG konsorsiumunun İcraçı direktoru Luka Şkieppati (Luca Schieppati) İtaliyanın həftəlik “Il Messaggero” qəzetinə müsahibəsində bildirib.
“Biz bazara vaxtı sürətləndirməyi təklif etmişik... Həmçinin, tənzimləyici orqanların icazəsini aldığımıza görə buru kəmərinin buraxılış qabiliyyətini bir il daha tez genişlədirə bilərik”, - Şkieppati bildirib və əlavə edib ki, bazar ehtiyac duyarsa, TAP oktyabrın 1-dən etibarən daşıma müqavilələri imzalamağa hazırdır.
Qeyd edək ki, TAP konsorsiumu 2021-ci ildə kəmərin genişləndirilməsi ilə bağlı bazar testinə başlayıb. Məqsəd təbii qaz göndərənlərin marağını ifadə etmək və sonrakı mərhələdə yeni, uzunmüddətli tutuma etibarlı çıxışı təmin etməkdir. Bu da boru kəmərinin gücünün gələcəkdə artırılmasına imkan verəcək.
Bazar testi iki əsas mərhələdə aparılacaq. Bunun birincisi mərhələsi iyulun 12-də başayan məcburi olmayan mərhələ, digəri isə 2022-ci ilin yayından tez olmayaraq başlayacaq məcburi mərhələ olacaq.
Daha əvvəl Luka Şkieppati bildirib ki, TAP üzərindən Avropaya qaz nəqlinin başlamasından təxminən 6 ay sonra Avropaya 3 milyard kubmetrdən çox qaz nəql edilib: "Boru kəmərinin illik buraxılış gücü təxminən 10 milyard kubmetr olduğu halda, TAP ilkin gücünü 2 dəfə artıraraq mərhələlərlə genişləndirə bilər. Bu, əlavə qaz ehtiyatlarının, xüsusilə Cənubi Şərqi Avropada daha təmiz enerji qarışığına keçidi dəstəkləyərək Avropa bazarlarına çata biləcəyi deməkdir”.
Bazar testi Yunanıstan, İtaliya və Albaniyanın Milli Tənzimləmə Təşkilatlarının tənzimlədiyi "2021 Bazar Testi" üçün Təlimatda göstərilən qaydalar və prosedurlar çərçivəsində aparılır.
Ötən ilin yekunlarına görə, TAP vasitǝsilǝ Avropaya 8,1 milyard kubmetr tǝbii qaz nəql edilib.
Xatırladaq ki, TAP dəyəri 40 milyard ABŞ dolları kimi qiymətləndirilən “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu mərhələsidir. TAP-ın səhmdarları hər biri səhmlərin 20 %-nə malik BP, SOCAR və “Snam” (SRG.MI) şirkətləri, həmçinin səhmlərin 19 %-nin məxsus olduğu “Fluxys” (FLUX.BR), 16 %-lik paya malik “Enagas” (ENAG.MC) və səhmlərin 5 %-nə malik “Axpo” şirkətləridir.