TAP İtaliyaya qaz ixracatçısına çevrilməyə imkan yaradıb
- 24 yanvar, 2022
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana məxsus təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) İtaliyanı ilk dəfə qaz ixracatçısına çevirib.
“Report” İtaliya mətbuatına istonadən xəbər verir ki, 2021-ci ilin son günündə İtaliya 20 milyon kubmetr qaz satıb ki, bu da, onun 214 milyon kubmetr xalis istehlakının, təxminən, 10 %-ni təşkil edir.
Qeyd edilib ki, bu, 878 kilometr uzunluğunda olan Azərbaycandan Apuliyaya 8,1 milyard kubmetr təbii qaz daşıyan TAP, eləcə də ölkənin anbar sistemi sayəsində mümkün olub.
Ötən il Trans-Adriatik Boru Kəməri ilə Azərbaycandan İtaliyaya təbii qaz nəqlinin həcmi 6,8 milyard kubmetr təşkil edib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP Avropanın müxtəlif bazarlarına ildə təxminən 10 milyard kubmetr qaz nəql etmək gücünə malikdir. Boru kəməri həmçinin hasilat gücünü 20 milyard kubmetrə qədər artırmaq potensialı ilə layihələndirilib.
Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya nəqli üçün tikilən TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) bağlanır.
TAP ilə kommersiya qazının nəqli 2020-ci il dekabrın 31-dən başlanılıb.
TAP Trans-Anadolu Təbii Qaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri ilə birlikdə 40 milyard ABŞ dolları dəyəri olan Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir.