TAP-ın səhmdarı növbəti 3 il üçün qaz şəbəkələrinə yatıracağı sərmayənin həcmini açıqlayıb

Energetika
  • 25 yanvar, 2024
  • 13:13
TAP-ın səhmdarı növbəti 3 il üçün qaz şəbəkələrinə yatıracağı sərmayənin həcmini açıqlayıb

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) səhmdarlarından biri (20 %-lik paya malik) olan İtaliyanın “Snam” enerji şirkəti 2027-ci ilə qədər ölkənin enerji keçidini dəstəkləmək üçün infrastrukturunu genişləndirmək üçün 11,5 milyard avro (12,5 milyard ABŞ dolları) sərmayə qoyacaq.

“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə qaz şəbəkəsi operatorunun məlumatında deyilir.

Bildirilir ki, bu, əvvəlki biznes planından 15 % çoxdur.

Yeni strategiyasında dövlətin nəzarətində olan şirkət yeni boru kəmərinin tikintisinə və mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunun tamamlanmasına diqqət yetirəcək.

İnvestisiyaların bir hissəsi isə yanacağın Afrikadan gəldiyi İtaliyanın cənubundan sənayeləşmiş şimala və xaricə qaz nəql etmək qabiliyyətini artırmaq məqsədi daşıyan yeni boru kəməri olan Adriatik xəttinə yönəldiləcək. İnfrastruktur uzunmüddətli perspektivdə yanacağın Afrikadan Şimali Avropaya çatdırılmasını nəzərdə tutan SoutH2 adlı yeni şəbəkənin bir hissəsini təşkil etmək üçün hidrogendən istifadə etməyə hazır olacaq.

Şirkət həmçinin karbon tutma və saxlama anbarı və Avropa hidrogen şəbəkəsinin inkişafı da daxil olmaqla enerji keçidi bizneslərinə sərmayə qoyacaq.

“Snam” şirkətinin baş direktoru Stefano Venyer bildirib ki, “Snam” getdikcə daha çevik olan infrastrukturun inkişafına 11,5 milyard avro sərmayə qoyur: “Bununla da İtaliya üçün karbon neytrallığına gedən yolu dəstəkləyir”.

Şirkətlər qrupu, ilkin olaraq dövr üçün düzəliş edilmiş yekun əsas mənfəətdə orta illik artımın 7,4 % olacağını gözləyir.

Yekun xalis mənfəətin əvvəlki strategiya üzrə 3 %-lə müqayisədə hər il orta hesabla təxminən 4 % artacağı gözlənilir. Qrup həmçinin 2024-cü ildə ödəmədən başlayaraq illik minimum 3 % dividend artımı vəd edib.

2027-ci il üçün şirkətin xalis borcu 19 milyard avroya, borcun orta dəyərinin isə 2,6 %-ə yüksələcəyi gözlənilir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. TAP üzərindən İtaliyaya hər il 10 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilir.