TAP-ın payçısı ötən il bu boru xətti hesabına mənfəətini artırıb
- 22 fevral, 2022
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) 16 % paya malik olan İspaniyanın “Enagas” şirkətinin 2021-ci ildə xalis mənfəəti 9 % azalıb.
“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, 2021-ci ildə İspaniya təbii qaz operatorunun xalis mənfəəti 404 milyon avro və ya 457 milyon ABŞ dolları təşkil edib.
Ötən il “Enagas” özünün ABŞ-dakı törəməsi olan “Tallgrass Enerji” və TAP kəmərindən 218 milyon avroluq xalis mənfəət əldə edib. Bu göstərici 2020-ci ilin göstəriciləri ilə müqayisədə 24 % çoxdur.
Şirkətin rentabelliyi 2020-ci ildə daxili bazarda daha aşağı ödənişlər tələb etməyə məcbur edən qaydaların dəyişməsi ilə zərər çəkib.
“Enagas” xalis mənfəətinin 2020-ci ildəki 444 milyon avrodan 2021-ci ildə 380 milyon avroya düşəcəyini gözləyirdi.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.