TAP-ın genişləndirilməyə başlamasından sonra qaz tədarükünün tarixi və həcm açıqlanıb

Energetika
  • 10 dekabr, 2022
  • 11:38
TAP-ın genişləndirilməyə başlamasından sonra qaz tədarükünün tarixi və həcm açıqlanıb

Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürmə qabiliyyətinin artırılması ilə bağlı yekun qərarın qəbul edilməsi üçün tələb olunan bazar sınaqları yanvarın 16-dan 22-dək keçiriləcək.

"Report" xəbər verir ki, bunu İtaliyanın "Il Sole 24 Ore" qəzetinə müsahibəsində TAP AG konsorsiumunun baş direktoru Luka Şippati deyib.

“Bu yay biz prosesin başlanğıcını hazırlamağa çalışdıq və noyabr ayında İtaliya enerji, enerji şəbəkələri və ətraf mühit üzrə milli tənzimləyici qurumu (ARERA) kommersiya təklifimizə yeniləməni təsdiqlədi. Bu yenilənmə yanvarın 16-dan 22-dək operatorların uzunmüddətli nəql sorğularını təqdim edə biləcəkləri "bazar pəncərəsi"nin açılmasını nəzərdə tutur. Biz iyul ayına planlaşdırılan bu məcburi sınaq mərhələsinin vaxtını dəyişməklə bu prosesi mümkün qədər sürətləndirməyə çalışdıq", - L. Şippati bildirib..

Onun sözlərinə görə, belə bir zərurət əlavə qaz həcmləri üçün artıq yanvar ayında edilən müraciətlərin həcminin 2,5 milyard kubmetr təşkil etməsindən qaynaqlanır. Bu, Rusiyanın qaz nəqlini məhdudlaşdırdığı və alternativ mənbələr üçün aktiv axtarışların aparılması ilə bağlıdır.

"Biz yalnız iqtisadi dayanıqlıq testi başa çatdıqdan sonra infrastrukturun təkmilləşdirilməsinə investisiya qoymağa başlaya bilərik. İlkin mərhələdə biz bu 2,5 milyard kubmetrin 50 %-ni 2025-ci ilə qədər istifadəyə verə, daha sonra ikinci tranşı 2026-cı ildə tamamlaya biləcəyik. Bununla belə, məqsədə çatmaq üçün TAP ilə bütün operatorlar arasında tam koordinasiya tələb olunur.

Qaz kəmərinin modernləşdirilməsi ilə bağlı qərar qəbul edilərkən qaza tələbat, hasilat və onun nəql olunacağı kəmərin tikintisi arasında tam sinxronlaşma tələb olunacaq”, - TAP AG konsorsiumunun baş direktoru bildirib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.