TAP ilə ötən il nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Energetika
  • 13 yanvar, 2025
  • 14:20
TAP ilə ötən il nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb

Ötən il Trans-Adriatik Boru Kəməri (TAP) ilə 11,84 milyard kubmetr Azərbaycan qazı nəql edilib.

Bu barədə “Report”a TAP-ın operatoru olan “TAP AG” şirkətindən məlumat verilib.

“Bu həcmin 9,84 milyard kubmetri İtaliyaya, 1,1 milyard kubmetri Yunanıstana, 0,82 milyon kubmetri isə Bolqarıstana nəql edilib”, – məlumatda bildirilib.

TAP-ın istismara verildiyi 2020-ci il dekabrın 31-dən bu günədək Trans-Adriatik qaz kəməri ilə Avropaya 42,84 milyard kubmetr, o cümlədən İtaliyaya 35,74 milyard kubmetr, Yunanıstana 4,13 milyard kubmetr, Bolqarıstana isə 2,64 milyard kubmetr qaz daxil olub.

Xəbər verildiyi kimi, 2023-cü ildə TAP vasitəsilə 11,44 milyard kubmetr, eləcə də İtaliyaya 9,32 milyard kubmetr, Yunanıstana 0,67 milyard kubmetr, Bolqarıstana 1,38 milyard kubmetr Azərbaycan qazı nəql edilib. Beləliklə, 2024-cü ildə TAP vasitəsilə nəql edilən Azərbaycan qazının həcmi 3,5 % artıb.

“Trans Adriatic Pipeline AG” Avropanın enerjiyə olan tələbatını ödəmək üçün mühüm infrastruktur aktivinin - Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropa bazarlarına nəql edildiyi "Cənub Qaz Dəhlizi" boru kəməri sisteminin 880 kilometrlik hissəsinin sahibi və operatorudur.