TAP: “İki ildə İtaliya, Yunanıstan və Bolqarıstana 20 milyard kubmetrdən çox qaz nəql edilib”
- 04 fevral, 2023
- 10:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) istismara verildiyi vaxtdan etibarən üç ölkəyə 20 milyard kubmetrdən artıq qaz nəql edib.
“Report”un məlumatına görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şippəati (Luca Schieppati) fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.
Onun sözlərinə görə, keçən ilin oktyabrında TAP-ın Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə əlaqəsi qurulub: “Bu yaxınlarda biz əməliyyatlarımızın iki ili ərzində İtaliya, Yunanıstan və Bolqarıstana 20 milyard kubmetr qaz nəqli həddini keçdik”.
O qeyd edib ki, TAP ötürücülük qabiliyyətinin genişləndirilməsinin birinci mərhələsini işə salmaqdan məmnundur: “TAP ötürücülük qabiliyyətinin 2027-ci ilədək ikiqat artırılması istiqamətində çalışmaqda əvvəlki kimi qərarlıyıq”.
İcraçı direktor TAP konsorsiumunun əsas diqqətini, xüsusən, Cənub-Şərqi Avropada "yaşıl" enerjiyə keçidin dekarbonizasiyasını dəstəkləməklə dayanıqlı şəkildə baş verməsinə yönəltdiyini qeyd edib.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) şirkətləri çıxış edir.