TAP: "Boru kəmərinin gücünün ikiqat artırılması üçün 50 ay vaxt lazım olacaq"
- 02 mart, 2022
- 08:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) 2022 və 2023-cü illərdə tam gücü ilə işləyəcək və illik 10 milyard kubmetr qazı Avropaya nəql edəcək.
“Report”un məlumatına görə, bunu TAP AG konsorsiumun Baş direktoru Luka Şieppati (Luca Schieppati) "Il Messaggero" qəzetinə bildirib.
Onun sözlərinə görə, bu həcmlərin 8 milyard kubmetri İtaliyaya nəql ediləcək.
İnfrastrukturun keçiricilik tutumunu artırmaq üçün lazım olan zaman barədə suala cavab verən TAP rəsmisi bildirib ki, müqavilələrin imzalanmasından sonra 50 aydan çox müddət boru kəmərinin gücünün ikiqat artırılması üçün tələb olunacaq.
Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.