"TAP AG" rəhbəri: "TAP-ın ötürmə qabiliyyətinin genişləndirilməsinin I mərhələsi üzrə işlər tamamlanır"
- 03 oktyabr, 2025
- 15:57

Trans-Adriatik Qaz Kəmərinin (TAP) operatoru olan "TAP AG" şirkəti kəmərin ötürmə qabiliyyətinin genişləndirilməsi üçün 2023-cü il üzrə məcburi bazar testinə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "TAP AG"nin idarəedici direktoru Luka Skiepatti (Luca Schieppati) İtaliya Enerji Sammitində çıxışı zamanı bildirib.
"Bu gün (2 oktyabr – red.) 2023-cü il üzrə məcburi bazar testi mərhələsi başlayır, eyni zamanda 2025-ci il üzrə məcburi olmayan bazar testi mərhələsi də açıqdır. Bu proseslər bazara əlavə güc tələb etməyə imkan verir ki, bu da qaz kəmərinin daha da genişləndirilməsinə yol aça bilər", – o qeyd edib.
L.Skiepatti vurğulayıb ki, beş ildən az müddətdə TAP proaktiv kommersiya təklifi, etibarlı infrastruktur və əməliyyatlar, həmçinin Xəzər dənizindən sabit qaz tədarükü sayəsində Avropaya 50 milyard kubmetrdən çox qaz çatdırıb.
"Hazırda TAP-a 46 qeydiyyatdan keçmiş istifadəçi etibar edir, biz hər gün onlar üçün mövcud gücləri maksimum artırırıq", – o əlavə edib.
İdarəedici direktorun sözlərinə görə, TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində işlər (2026-cı ildən etibarən ötürmə qabiliyyətinin ildə 1,2 milyard kubmetr artırılması) tamamlanmaq üzrədir.
"Orta və uzunmüddətli perspektivdə bizim strategiyamız əməliyyat və kommersiya keyfiyyətinin artırılması, innovasiyaların tətbiqi, bazar üçün yeni məhsulların hazırlanması, həmçinin enerji keçidinin və uzunmüddətli dayanıqlılığın dəstəklənməsi yolu ilə TAP-ın dayanıqlılığını və adaptivliyini gücləndirməkdən ibarətdir", - TAP rəhbəri bildirib.
Xəbər verildiyi kimi, 2021-ci il üzrə bazar testinin nəticələrinə əsasən, qaz kəmərinin ötürmə qabiliyyətinin 2026-cı il yanvarın 1-dək ildə 1,2 milyard kubmetr artırılması ilə bağlı öhdəlik götürülüb. Gələn ildən etibarən bu həcmin 1 milyard kubmetri İtaliyaya, daha 200 milyon kubmetri isə Albaniyaya çatdırılacaq.
Bu, genişləndirmə layihəsinin birinci mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avro təşkil edir. Bu mərhələ çərçivəsində Kipoydakı kompressor stansiyasında daha bir kompressor aqreqatı quraşdırılacaq, eləcə də avadanlıqlar modernləşdiriləcək.
Ümumi uzunluğu 878 km olan TAP 2020-ci il noyabrın 15-də istismara verilib. Qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 16 milyard kubmetrə çatmalıdır.