Fatih Dönməz: “TANAP Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək”

Energetika
  • 11 iyun, 2020
  • 14:29
Fatih Dönməz: “TANAP Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verəcək”
Fatih Dönməz

“Türkiyəni enerji mərkəzi etmək üçün var gücümüzlə çalışdıq”.

“Report”un məlumatına görə, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu sahədə atılan ən strateji addımlardan biri olan Trans-Anadolu Qaz Boru kəməri (TANAP) ilə Türkiyəyə daşınan qazın ümumi həcmini 6 milyard kubmetrə çatdığını öyrəndik: “Təkrar qürur duyduq”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə bildirib ki, ötən ilin noyabr ayında Türkiyə tərəfini TANAP ilə tamamladığımız Cənubi Qaz Dəhlizinin son mərhələsi TAP-ın dənizdən keçən hissəsini də yekunlaşdırıb.

Türkiyəli nazir bildirib ki, enerji sektorunda mərkəz ölkə rolunu gücləndirəcək nəhəng layihə Avropanın enerji təchizatı təhlükəsizliyinə də töhfə verəcək.

Qeyd edək ki, bu gün TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol “Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan təbii qazını Türkiyəyə nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin ticarət əməliyyatlarının başlanmasının ikinci ilinin tamamlandığı 30 iyun tarixində Azərbaycandan bu ölkəyə tədarük edilmiş təbii qazın həcmi 6 mlrd kubmetrə çatacaq.

O xatırladıb ki, TANAP-la Türkiyəyə qaz nəqlinin həcmi pilləli şəkildə artırılır. S.Düzyol TANAP-la kommersiya qazının nəqlinə başlanıldığı ilk ildə 2 mlrd kubmetr həcmində qaz nəql edildiyini bildirib.

Onun sözlərinə görə, TANAP sadəcə iki ölkə arasında bir layihədən daha artıq bir mövqeyə çatıb.

TANAP rəsmisi Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) sınaq və istismara verilmə müddətində istifadə olunmaq üçün 21,4 mln kubmetr qaz verildiyini də qeyd edib.

“Qarşıdakı aylarda tələbata uyğun olaraq bu miqdarı artıra bilərik”, - o əlavə edib.

O həmçinin qeyd edib ki, TANAP kommersiya əməliyyatlarına başlayandan bəri hər hansı ləngimə qeydə alınmayıb: “Nəqlin miqdarı və tarifləri əvvəlcədən müəyyən edilmiş 15 illik qaz tranzit sazişləri çərçivəsində müəyyənləşir. Bu səbəbdən də dünyada yaşanılan iqtisadi və sosial məzmunlu böhranlar fəaliyyətimizdə hansısa ləngimə yaratmır. Yeni növ koronavirus pandemiyasının təsiri altında olduğumuz bu dövrdə də həyata keçirilən planlaşdırma və qabaqlayıcı tədbirlər sayəsində davamlılığı fasiləsiz təmin edirik”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək TAP-a birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. Bu hissənin açılışı ötən il noyabrın 30-da həyata keçirilib.

Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd kubmetr təşkil edir. Bu həcmin 6 mlrd kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd kubmetri isə Avropaya nəql ediləcək.

44 - Tezliklə