Stiv Nuri: "Azərbaycanın enerji resurslarından Data mərkəzlərinin yaradılmasında istifadə edilə bilər"

Energetika
  • 23 sentyabr, 2025
  • 13:35
Stiv Nuri: Azərbaycanın enerji resurslarından Data mərkəzlərinin yaradılmasında istifadə edilə bilər

Azərbaycanda mövcud olan elektrik enerjisi və qazdan yüksək məhsuldar hesablama güclərinin yaradılmasında istifadə edilə bilər.

"Report" xəbər verir ki, bunu "GenAI Works" şirkətinin baş direktoru və həmtəsisçisi Stiv Nuri Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı deyib.

"Şirkətlər və ölkələr fürsətlərin özünün gələcəyini gözləməməli, əksinə, xüsusilə sürətin həlledici əhəmiyyət kəsb etdiyi süni intellekt dünyasında onların üzərində fəal şəkildə işləməlidir", - o qeyd edib.

"GenAI Works"un baş direktorun sözlərinə görə, süni intellekt sahəsində effektiv ekosistemin yaradılması üçün iki əsas komponent lazımdır: istedadlar və infrastruktur. İstedadlar bacarıqlarla bağlıdır, onların inkişafı isə sahibkarlıq təfəkkürü və yeni məhsullar yaratmağa, onları sınaqdan keçirməyə və dəyər əlavə etməyə hazırlıq tələb edir.

"Qlobal düşünmək lazımdır. Çox vaxt region ölkələrində yalnız daxili bazara diqqət yetirilir və yerli maraqlara uyğun məhsullar yaradılır. Bu normaldır, lakin layihələrin investisiyalar üçün cəlbedici olması üçün dünya bazarına yönəlmək lazımdır", - S.Nuri vurğulayıb.

O, həmçinin qeyd edib ki, müvafiq infrastruktur olmadan istedadlar öz potensiallarını reallaşdıra bilməyəcəklər. Data mərkəzlərinin yaradılması iqtisadiyyata böyük dəyər gətirəcək, həmçinin infrastrukturu yerli mütəxəssislər üçün daha əlçatan və tələb olunan edəcək", - "GenAI Works" şirkətinin baş direktoru əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti