STAR zavodu apreldə xam neft idxalını 8 %-ə yaxın artırıb

Energetika
  • 30 iyun, 2025
  • 19:20
STAR zavodu apreldə xam neft idxalını 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 3 milyon 511 min 550 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 35,1 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 83 min 651 ton və yaxud 2,3 % az olub.

Apreldə isə STAR NEZ 932 min 104 ton xam neft idxal edib ki, bu da bir il öncəki göstəriciyə nisbətən 68 min 450 ton və yaxud 7,9 % çoxdur.

Türkiyədə fəaliyyət göstərən neft emalı zavodları 4 ay ərzində 9 milyon 995 min 789 tondan çox xam neft idxal edib. Bu, bir il əvvəlki göstəricilərlə müqayisədə 119 min 500 ton və yaxud 1,2 % azdır. Təkcə apreldə isə neft emalı zavodları 2 milyon 885 min 795 tondan çox xam neft idxal edib. Bu, ötən ilin eyni ayına nisbətən 136 min 803 ton və yaxud 5 % çoxdur.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.