STAR NEZ yanvarda Türkiyədə neft koksu istehsalını 9 %-ə yaxın artırıb
- 28 mart, 2025
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 71 min 566 tondan çox neft koksu istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 5 min 804 ton və ya 8,8 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 151 min 754 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2024-cü ilin ilk ayı ilə müqayisədə 25 min 126 ton və ya 19,8 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.