STAR NEZ Türkiyədən ixrac edilən bütün neft məhsullarının 35 %-dən çoxunu təmin edib

Energetika
  • 02 iyul, 2024
  • 07:28
STAR NEZ Türkiyədən ixrac edilən bütün neft məhsullarının 35 %-dən çoxunu təmin edib

Türkiyə bu ilin yanvar-aprel aylarında 10 milyon 115 min 289,08 ton neft əldə edib ki, bunun da 35,5 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus STAR neft emalı zavodu (NEZ) tərəfindən alınıb.

“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir.

Qeyd olunub ki, Türkiyə hesabat dövründə neft idxalını 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 14,9 % artırıb.

EPDK-nın məlumatına görə, 2024-cü ilin hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcminin 64,5 %-i yəni 6 milyon 520 min 088,44 ton (27 % çox) “Turkiye Petrol Rafinerileri AS” (TÜPRAŞ) neft emalı zavodunun payına düşüb.

STAR NEZ 2024-cü ilin yanvar-aprel aylarında 3 milyon 595 min 200,64 ton (2 % az) neft idxal edib.

Hesabat dövründə STAR NEZ 1 milyon 660 min 807,33 ton (13,6 % çox) neft məhsulları ixrac edib ki, bu da Türkiyənin ümumi neft məhsulları ixracının 31,4 %-ni təşkil edir.

İxracın əsas həcmini - 1 milyon 144 min 827,27 ton dizel yanacağı təşkil edib. Aviasiya yanacağının ixracı 116 min 674,97 ton, digər neft məhsulları 399 min 305,09 ton təşkil edib.

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.