STAR NEZ Türkiyədə neft koksu istehsalını 5 %-dən çox artırıb

Energetika
  • 30 sentyabr, 2024
  • 10:05
STAR NEZ Türkiyədə neft koksu istehsalını 5 %-dən çox artırıb

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 64 min 437 tona yaxın neft koksu istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 min 158 ton və ya 5,2 % çoxdur.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 146 min 614 tona yaxın neft koksu istehsal edilib ki, bu da 2023-cü ilin iyul ayı ilə müqayisədə 45 min 454 ton və ya 44,94 % çoxdur.

Xatırladaq ki, STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.