STAR NEZ Türkiyədə LPG istehsalında lider olub
- 31 avqust, 2026
- 14:18
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) 2026-cı ilin iyun ayında 155 min 788,94 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib.
"Report" Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu, Türkiyədəki neft emalı zavodları arasında LPG üzrə ən yüksək istehsal göstəricisidir.
STAR NEZ-də 2025-ci ilin iyun ayında istehsal olunan həcmlə müqayisədə 5,5 dəfə (127 min 260 ton) artım müşahidə olunub.
Hesabata əsasən, bu ilin iyun ayında Türkiyədəki neft emalı zavodlarında LPG üzrə ümumi xalis istehsal həcmi 150 min 223,3 ton təşkil edib. Bu, bir il öncəki iyun ayı ilə müqayisədə müvafiq olaraq 50 min 731 ton və ya 51 % çoxdur.
Müəssisələr üzrə göstəricilərə gəldikdə, TÜPRAŞ İzmir NEZ-də 30 min 022,81 ton, TÜPRAŞ Kırıkkale NEZ-də 2 min 997,55 ton, TÜPRAŞ Batman NEZ-də isə 1 min 748,43 ton LPG istehsal olunub.
TÜPRAŞ İzmit NEZ-də isə LPG üzrə 40 min 334,42 ton mənfi göstərici qeydə alınıb. Mənfi istehsal göstəricisi anbarda olan və ya idxal edilən məhsulun zavodda yenidən xammal kimi istifadə olunmasını ifadə edir.
Beləliklə, STAR NEZ-də qeydə alınan yüksək LPG istehsalı digər zavodlardakı göstəricilərlə birlikdə Türkiyədə iyun ayı üzrə 150 min 223,3 ton xalis LPG istehsalının formalaşmasına səbəb olub.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.