STAR NEZ-in xalis mənfəəti 450 milyon ABŞ dollarını ötüb

Energetika
  • 30 avqust, 2024
  • 11:19
STAR NEZ-in xalis mənfəəti 450 milyon ABŞ dollarını ötüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodunun (NEZ) 2024-cü ilin birinci yarısında gəlirləri 4 milyard 328 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji"nin (SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi) bu ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunlarına dair investorlar üçün təqdimatında məlumat verilib.

Hesabat dövründə zavodun xalis mənfəəti 454 milyon ABŞ dolları, xalis borcu isə 2 milyard 305 milyon ABŞ dolları təşkil edib.

Bu ilin ikinci rübündə STAR NEZ-in neft məhsullarının satışından əldə etdiyi gəlir 2 milyard 054 milyon ABŞ dolları, xalis mənfəət 273 milyon ABŞ dolları, xalis borcu 1 milyard 304 milyon ABŞ dolları təşkil edib.

Ötən rübdə STAR NEZ-in gücündən istifadə 113 %, satış həcmi 2,9 milyon ton olub. Eyni zamanda, satılan bütün məhsulların 43 %-i daxili satışların payına düşür.

Təqdimatda müqayisə üçün ötən ilin eyni dövrlərinə dair məlumatlar təqdim edilmir.

STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon tondur.

SOCAR zavodun tikinti və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.