STAR zavodu xam neft idxalını 17 %-dən çox azaldıb

Energetika
  • 28 iyul, 2023
  • 12:39
STAR zavodu xam neft idxalını 17 %-dən çox azaldıb

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 1 milyon 18 min 951 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 150 min 444 ton və ya 17,3 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 23,9 %-i deməkdir.

2023-cü ilin may ayında Türkiyədə neft emalı zavodları tərəfindən 2 milyon 462 min 848 tondan çox xam neft idxal edilib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 508 min 345 ton və ya 17,1 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 11 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.