STAR neft emalı zavodunun aviayanacaq istehsalının həcmi açıqlanıb

Energetika
  • 27 fevral, 2025
  • 16:01
STAR neft emalı zavodunun aviayanacaq istehsalının həcmi açıqlanıb

Ötən ilin dekabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 22 min 107 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 95 min 829 ton və ya 5,3 dəfə azdır.

Ümumilikdə, ötən ilin dekabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 348 min 282 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 161 min 652 ton və ya 31,7 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə