STAR neft emalı zavodunun aviayanacaq istehsalının həcmi açıqlanıb

Energetika
  • 28 oktyabr, 2024
  • 13:13
STAR neft emalı zavodunun aviayanacaq istehsalının həcmi açıqlanıb

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 124 min 058 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 39 min 933 ton və ya 24,3 % azdır.

Ümumilikdə, avqustda Türkiyədə neft emalı zavodları 644 min 751 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 min 880 ton və yaxud 0,4 % çoxdur.

STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.