STAR neft emalı zavodu yanvarda aviayanacaq istehsalının həcmini açıqlayıb
- 28 mart, 2025
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 62 min 932 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 40 min 565 ton və ya 39,2 % azdır.
Ümumilikdə, bu ilin yanvar ayında Türkiyədə neft emalı zavodları tərəfindən 438 min 967 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 52 min 187 ton və ya 13,5 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.