STAR neft emalı zavodu xam neft idxalını təxminən 10 % azaldıb
- 28 noyabr, 2023
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 1 milyon 005 min 540 tondan çox xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Məlumata görə, bu, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 106 min 149 ton və ya 9,54 % azdır. Bu, Türkiyəyə idxal edilən xam neftin 23,05 %-i deməkdir.
2023-cü ilin sentyabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 4 milyon 362 min 004 tondan çox xam neft idxal edilib. Bu, 2022-ci ilin sentyabr ayının göstərici ilə müqayisədə 13 min 666 ton və ya 0,31 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.