STAR neft emalı zavodu xam neft idxalını 6 %-ə yaxın azaldıb

Energetika
  • 29 iyul, 2025
  • 13:40
STAR neft emalı zavodu xam neft idxalını 6 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 4 milyon 307 min 852 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 35,51 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 260 min 459 ton və ya 5,7 % az olub.

Bu ilin may ayında STAR NEZ 796 min 303 tona yaxın xam neft idxal edib ki, bu da 2024-cü ilin may ayı ilə müqayisədə 176 min 807 ton və ya 18,2 % azdır.

Bu ilin yanvar-may aylarında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 12 milyon 480 min 386 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki eyni ayın göstəriciləri ilə müqayisədə 495 min 876 ton və ya 3,8 % azdır.

Təkcə may ayında isə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 484 min 997 tona yaxın xam neft idxal edilib. Bu, bir il əvvəlki ilin eyni ayının göstəriciləri ilə müqayisədə 376 min 376 ton və ya 13,1 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.