STAR neft emalı zavodu xam neft idxalını 6 % artırıb
- 29 sentyabr, 2022
- 14:13
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR Neft Emalı Zavodu 981,9 min xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 55,2 min ton və yaxud 6 % çoxdur.
Ay ərzində STAR Türkiyəyə idxal edilən xam neftdə 23,5 % paya malik olub.
STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavod ildə 10 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.