STAR neft emalı zavodu xam neft idxalını 17 %-ə yaxın azaldıb

Energetika
  • 01 fevral, 2025
  • 07:30
STAR neft emalı zavodu xam neft idxalını 17 %-ə yaxın azaldıb

Ötən ilin noyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 843 min 759 tondan çox xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 20,79 %-i deməkdir.

STAR zavodu üçün idxal edilən neftin həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 169 min 373 ton və ya 16,7 % az olub.

Ötən ilin noyabr ayında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 597 min 929 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki eyni ayın göstərici ilə müqayisədə 367 min 735 ton və ya 12,4 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.