STAR neft emalı zavodu I rübdə xam neft idxalını 6 %-ə yaxın azaldıb
- 31 may, 2025
- 12:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 2 milyon 579 min 455 tondan çox xam neft idxal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir. Bu, Türkiyəyə idxal edilən xam neftin 24,02 %-i deməkdir.
STAR zavodu üçün idxal edilən neftin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 152 min 102 ton və ya 5,6 % az olub.
Bu ilin mart ayında STAR NEZ 821 min 588 ton xam neft idxal edib ki, bu da 2024-cü ilin mart ayı ilə müqayisədə 110 min 246 ton və ya 11,8 % azdır.
Bu ilin yanvar-mart aylarında Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 7 milyon 109 min 994 tondan çox xam neft idxal edilib. Bu, bir il əvvəlki eyni ayın göstəriciləri ilə müqayisədə 256 min 303 ton və ya 3,5 % azdır.
Təkcə mart ayında isə Türkiyədə neft məhsulları istehsal edən neft emalı zavodları tərəfindən 2 milyon 504 min 129 tona yaxın xam neft idxal edilib. Bu, bir il əvvəlki ilin eyni ayının göstəriciləri ilə müqayisədə 178 min 103 ton və ya 6,6 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.