STAR zavodu fevralda aviayanacaq istehsalını 33 %-ə yaxın artırıb
- 28 aprel, 2025
- 15:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 163 min 536 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.
Bu, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 15 min 859 ton və ya 8,8 % azdır.
Fevral ayında STAR NEZ 100 min 604 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 24 min 706 ton və ya 32,6 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-fevral aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 854 min 119 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 min 847 ton və ya 1,5 % çoxdur. Fevralda Türkiyədə neft emalı zavodları 415 min 152 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal ediblər ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 39 min 340 ton və ya 8,7 % azdır.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.