STAR neft emalı zavodu dizel yanacağı istehsalını cüzi azaldıb
- 01 noyabr, 2022
- 09:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 526 min 384 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 6 min 905 ton və ya 1,3 % azdır.
Ümumilikdə isə avqust ayında Türkiyədə neft emalı zavodları tərədindən 1 milyon 455 min 322 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin avqust ayı ilə müqayisədə 60 min 470 ton və ya 4 % azdır.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin avqust ayında 533 min 289 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.