STAR neft emalı zavodu dizel yanacağı istehsalını 2,5 % artırıb
- 30 sentyabr, 2022
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 534 min 849 ton dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 13 min 35 ton və ya 2,5 % çoxdur.
Ümumilikdə isə iyul ayında Türkiyədə neft emalı zavodları tərəfindən 1 milyon 487 min 904 ton dizel yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 2 min 457 ton və ya 0,16 % azdır.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin iyul ayında 521 min 814 ton dizel yanacağı istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.