STAR neft emalı zavodu aviayanacaq istehsalının həcmini açıqlayıb

Energetika
  • 30 may, 2024
  • 08:36
STAR neft emalı zavodu aviayanacaq istehsalının həcmini açıqlayıb

Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 37 min 804 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 49 min 870 ton və ya 2,3 dəfə azdır.

Ümumilikdə, bu ilin mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən 341 min 168 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2023-cü ilin üçüncü ayı ilə müqayisədə 113 min 336 ton və ya 24,9 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.