STAR neft emalı zavodu aviayanacaq istehsalını 54 %-ə yaxın artırıb

Energetika
  • 29 iyul, 2025
  • 11:05
STAR neft emalı zavodu aviayanacaq istehsalını 54 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 659 min 503 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 230 min 757 ton və ya 53,8 % çoxdur.

Yalnız may ayında STAR NEZ 199 min 547 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 73 min 897 ton və ya 58,8 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-may aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 2 milyon 578 min 791 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin 5 ayı ilə müqayisədə 554 min 642 ton və ya 27,4 % çoxdur.

Təkcə may ayında Türkiyədə neft emalı zavodları tərəfindən 611 min 121 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 165 min 842 ton və ya 37,2 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.