STAR neft emalı zavodu aviayanacaq istehsalını 41 %-dən çox azaldıb
- 30 iyun, 2023
- 09:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 33 min 940 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 23 min 660 ton və ya 41,1 % azdır.
Ümumilikdə, bu ilin aprel ayında Türkiyədə neft emalı zavodları tərədindən 383 min 607 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 39 min 843 ton və ya 11,6 % çoxdur.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.