STAR neft emalı zavodu aviayacanaq istehsalını 6 dəfədən çox artırıb
- 01 sentyabr, 2022
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 90 min 54 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin iyun ayı ilə müqayisədə 75 min 477 ton və ya 6,2 dəfə çoxdur.
Ümumilikdə isə iyun ayında Türkiyədə neft emalı zavodları tərədindən 472 min 44 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edilib ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 193 min 952 ton və ya 1,7 dəfə çoxdur.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin iyun ayında 553 min 851 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.