STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Energetika
  • 30 sentyabr, 2022
  • 06:52
STAR neft emalı zavodu aviayanacaq istehsalını 2 dəfə artırıb

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 146 min 362 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 71 min 295 ton və ya 1,95 dəfə çoxdur.

Ümumilikdə isə iyul ayında Türkiyədə neft emalı zavodları tərəfindən 483 min 897 ton reaktiv mühərriklər üçün kerosin yanacağı istehsal edilib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 115 min 948 ton və ya 31,5 % çoxdur.

Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin iyul ayında 75 min 067 ton reaktiv mühərriklər üçün kerosin yanacağı istehsal edib.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.