STAR neft emalı zavodu aviayacanaq istehsalını 2,4 dəfə artırıb
- 30 noyabr, 2022
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 110 min 250 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 64,5 min ton və ya 2,4 dəfə çoxdur.
Ümumilikdə isə sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 451 min 831 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edilib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 146 min 677 ton və ya 48,06 % çoxdur.
Qeyd edək ki, STAR neft emalı zavodu 2021-ci ilin sentyabr ayında 45 min 750 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayacanaq) istehsal edib.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.