STAR neft emalı zavodu 9 ayda aviayanacaq istehsalının həcmini açıqlayıb

Energetika
  • 27 noyabr, 2024
  • 07:45
STAR neft emalı zavodu 9 ayda aviayanacaq istehsalının həcmini açıqlayıb

Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 20 min 699 tona yaxın reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 127 min 337 ton və ya 7,2 dəfə azdır.

Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən 461 min 790 tondan çox reaktiv mühərriklər üçün kerosin yanacağı (aviayanacaq) istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 96 min 414 ton və ya 17,3 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.