SOCAR Türkiyədəki zavodunda dizel yanacağının istehsalını 3 %-dən çox azaldıb
- 30 iyun, 2025
- 14:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 2 milyon 287 min 083 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 77 min 640 ton və yaxud 3,3 % azdır.
Apreldə isə STAR NEZ 511 min 695 tona yaxın dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin aprel ayına nisbətən 58 min 178 ton və yaxud 10,2 % azdır.
Ümumilikdə, bu ilin yanvar-aprel aylarında Türkiyədə neft emalı zavodları 5 milyon 561 min 560 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 140 min 480 ton və yaxud 2,6 % çoxdur.
Apreldə isə Türkiyədə neft emalı zavodları 1 milyon 387 min 885 ton dizel yanacağı istehsal edib ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 61 min 250 ton və yaxud 4,6 % çoxdur.
STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.