SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalının həcmini açıqlayıb
- 31 may, 2025
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 1 milyon 775 min 388,7 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 19 min 462 ton və ya 1,1 % azdır.
Bu ilin mart ayında isə STAR NEZ 587 min tona yaxın dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 38 min 052 ton və ya 6,1 % azdır.
Ümumilikdə, bu ilin yanvar-mart aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 4 milyon 173 min 675 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 79 min 230 ton və ya 1,93 % çoxdur.
Yalnız mart ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 396 min 535 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 15 min 710 ton və ya 1,14 % çoxdur.
Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.
STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.