SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Energetika
  • 02 yanvar, 2025
  • 06:55
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını azaldıb

Ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 51 min 875 tona yaxın dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 530 min 276 tona yaxın və ya 11,2 dəfə azdır.

Ümumilikdə, 2024-cü ilin oktyabr ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 12 min 156 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 584 min 342 ton və ya 36,6 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

44 - Tezliklə