SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını artırıb

Energetika
  • 29 iyul, 2025
  • 10:12
SOCAR Türkiyədəki zavodunda dizel yanacağı istehsalını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 2 milyon 817 min 716 tondan çox dizel yanacağı istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bildirilir ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 8 min 871 ton və ya 0,32 % çoxdur.

Bu ilin may ayında isə STAR NEZ 530 min 633 tona yaxın dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 86 min 511 ton və ya 19,5 % çoxdur.

Ümumilikdə, bu ilin yanvar-may aylarında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 6 milyon 974 min 865 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 263 min 372 ton və ya 3,9 % çoxdur.

Yalnız may ayında Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 413 min 305 tona yaxın dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 122 min 893 ton və ya 9,5 % çoxdur.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.